ŞƏKƏRLİ DİABETƏ NƏZARƏT ETMƏK NƏ ÜÇÜN VACİBDİR?

Birincisi, diabeti olan xəstənin qanında şəkər yüksək həddə qalırsa, bu onun özünü pis hiss etməsinin səbəbi ola bilər.

Qanda yüksək şəkər əlamətlərinə (simptomlarına) ağızdakı quruluq, susuzluq, ifraz olunan sidiyin həcminin artması, zəiflik, yorğunluq, dəridəki yaraların, zədələnmələrin çətin sağalması, çəkinin azalması, dəridə, yaxud selikli qişalarda qaşınma aiddir.

İkincisi, qanda şəkərin miqdarının daim yüksək olması orqanizmə böyük zərər vurur. Bir çox insanlar yüksək şəkər simptomlarını hiss etməyə bilərlər. Lakin onlar da qanda şəkərin miqdarını təyin olunmuş səviyyədə saxlamalıdırlar. Qanda şəkərə daim nəzarət etmək onunla bağlıdır ki, yüksək şəkər diabetin xroniki fəsadlarının inkişafına doğru aparır. Şəkərli diabetin fəsadları xəstənin gözlərini, böyrəklərini və ayaqlarını zədələyə bilər. Eləcə də bundan ürək-damar sistemi əziyyət çəkir.