Sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır. Hormonal fonun pozğunluğu qadınlarda daha çox təsadüf edildiyi üçün, əksər hallarda, kişilərə nisbətən bu müayinələri qadınlara daha tez-tez təyin edirlər.
Hormonlar – daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan, yüksək aktivliyi olan maddələrdir. Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər. Hormonlar qadın cinsi sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər. Hormonal sistemdə hər hansı bir pozğunluq olduqda (bir və ya bir neçə hormonun səviyyəsinin artması və ya azalması) bu proseslər də pozulmuş olur ki, nəticədə sonsuzluq inkişaf edə bilər.
Qanın hormonlara müayinəsi acqarına, yəni son qida qəbulundan 8 saatdan az (12 saatdan az olmaması daha məsləhətlidir) olmayaraq vaxt keçməsi şərti ilə verilir. Meyvə şirələri, qənd və ya qəndsiz olaraq çay və kofe qəbulu da istisna olunmalıdır. Müayinədən bir gün qabaq və müayinə olunan günü spirtli içkilərin qəbulu, siqaret çəkilməsi və cinsi əlaqədə olmaq da istisna olunmalı, fiziki işlərin görülməsi də məhdudlaşdırılmalıdır.
Emosional streslər də həmçinin müayinə nəticələrinin təhrif olunmasına səbəb ola biləcəyi üçün, qan analizi verməmişdən bir qədər əvvəl qəbul otağında əyləşərək sakitləşmək məsləhət görülür. Müayinə günlərində siz hər hansı bir dərman preparatları (əsasən də hormonal dərmanlar) qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Çünki dərman qəbul edilməsi də müayinə nəticələrinə təsir edə bilər. Qadın cinsi hormonlarının müayinəsi menstrual dövrün müxtəlif (menstruasiyanın ilk günündən saymaqla) günlərində aparılır (hansı konkret hormonun hansı gün təyin ediləcəyi həkim tərəfindən müəyyən edilir).
Müayinə olunan qadınlar onu da bilməlidirlər ki, hər bir laboratoriyada müxtəlif müayinə üsullarından və ölçü vahidlərindən istifadə oluna bilər.Müayinə üçün həkim qanda aşağıdakı hormonların səviyyəsinin müəyyən edilməsini təyin edir.