Böyrəküstü vəzilərin qabıq maddəsinin hormonal aktiv şişlərin müxtəlif növləri var. Ancaq onlar arasında ən geniş yayılanı feoxromositoma və adrenogenitaldır. Feoxromositoma böyrəküstü vəzilərin beyin maddəsinin xoş və ya bədxassəli şişidir ki, bu da əksər hallarda birtərəfli olur. Şiş böyrəküstü vəzinin toxumasından, bəzən isə vəzin kənar yerləşmiş toxumasında inkişaf edir və külli miqdarda katexolamin hormonu ifraz edir ki, bu da xəstəliyə xas olan əlamətləri törədir. Xəstəliyin ən başlıca simptomu arterial qan təzyiqinin artmasıdır. Təzyiqin qalxması adətən tutmalar şəklində olur. Xəstəliyin iki – paroksizmal və daimi formaları var. Paroksizmal formalarda xəstələr çox tərləyir, bütün bədənlərində əsmə hiss etdiklərini, qorxu və həyəcan keçirtdiklərini bildirirlər. Qan təzyiqi çox artdıqda xəstələrdə ikili görmə, baş ağrıları, baş gicəllənmələri olur. Xəstəliyin daimi forması isə hipertonik krizlər olmadan baş verir. Daimi forma zamanı hipertonik, sinir-psixi, mədə-bağırsaq simptomları müşahidə edilir.