ARTERİAL HİPERTONİYA – geniş yayılmış xəstəlikdir və beyin qan dövranın pozulması, miokard infarktı və böyrək çatışmazlığı kimi fəsadların inkişafının əsas risk faktorlarından biridir. Arterial təzyiqin normalaşdırılması üçün (140-130/90-80 mm cv.st. səviyyəsində olmalıdır) qeyri-medikamentoz və medikamentoz yanaşmalar istifadə olunur. Əgər dərman terapiyasının tipi həkim tərəfindən seçilirsə, düzgün həyat tərzinə riayət olunması (qidalanma, hərəkətlilik, siqaretdən imtina, yuxu və s.) bütövlüklə və tam şəkildə pasientin özündən asılıdır. Qeyri-medikamentoz yanaşmaların əhəmiyyəti böyükdür. Onlar sistolik (yuxarı) arterial təzyiqi 15-17% aşağı salmağa imkan verir. Bu isə mahiyyətcə bir antihipertenziv preparatın təsirinə bərabərdir.

Yüksək arterial təzyiqdən (arterial hipertoniyadan) əziyyət çəkən insanların qidalanması ilə bağlı məsləhətlər
Arterial hipertoniyası olan pasientlərin arasında duza həssas olan insanlar çox olduğu üçün və natriumun yüksək arterial təzyiqdə böyük rol oynadığı üçün ilk veriləcək məsləhət duzun istifadəsinin məhdudlaşdırılmasıdır. Hazır yeməyə sonradan duz əlavə etmək məsləhət deyil. Yemək hazırlayan zaman az miqdar duzdan istifadə etmək lazımdır.
Bilinməsi vacib olan bir neçə ümumi məlumat:
Duz (natrium-xlor) 40% natriumdan və 60% xloriddən ibarətdir. Qidanın vacib elementlərindən biridir və orqanizmin su elektrolit balansının saxlanılmasını təmin edir. Lakin müasir qidalanma tipinə xarakterik olan duzdan ifrat istifadə arterial hipertoniyanın geniş şəkildə yayılmasının və onun ölümlə nəticələnən fəsadlarının yaranmasının əsas səbəblərindəndir. Müasir cəmiyyətdə insanlar duzdan real sutkalıq tələbatı 2-4 dəfə aşan miqdarda istifadə edirlər. Natriumun sutkaliq istifadəsində 5 q fərq insult tezliyində 23% fərq, ürək-damar xəstəliklərində 17% fərqdir. Bu hər il 1.250.000 insultdan və 3.000.000 ürək-damar xəstəliyindən olan ölümlərin qarşısını almağa imkan verir.
Müasir tövsiyələrə müvafiq olaraq istifadə olunan duzun miqdarı sutkada 5-6 q (natriuma nisbətdə 2.0-3.0 q) təşkil etməlidir. Lakin bir çox ölkələrdə (xüsusilə ABŞ-da) bəyan edirlər ki, duzun sutkaliq qəbulunu 3-4 qrama, buna müvafiq olaraq natriumu 1.5 qrama endirilməsi vacibdir. Bu yalnız ürək və böyrəklərin zədələnmələri, insult və infarkt riskini aşağı salmır, eləcə də osteoporozun inkişafı riskini də azaldır.