Hər bir dərdin dərmanı – çay

Çay insanların əksəriyyətinin üstünlük verdiyi içkidir. O, tonuslaşdırıcı xüsusiyyətinə görə sevilir. Çayın tərkibi bir çox faydalı maddələrlə – efir yağları, tanin, kofein, vitaminlərlə zəngindir. Efir yağları içkiyə xoş ətir verir, tanin qan damarlarının divarlarını möhkəmləndirir, kofein isə maddələr mübadiləsini gücləndirir.

Çay gətir…

İçməyə adət etdiyimiz çay müalicəvi əhəmiyyətinə baxmayaraq, onu orqanizm üçün tamamilə zərərsiz hesab etmək olmaz. Çaydakı aktiv maddələr əsəb və ürək-damar sisteminə güclü təsir göstərir.

Müəyyənləşmişdir ki, həddən çox çay içmək mədə-bağırsaq xəstəliklərinə, iştahanın itməsinə, qulaqda səs-küyə, ürəkbulanmaya, əllərin əsməsinə, ürəyin döyünməsinə və nevrasteniyaya gətirib çıxarır. Çayın miqdarını azaldan kimi bu əlamətlər yox olub gedir. Buna görə də adi çayla yanaşı, ot və bitkilərdən hazırlanmış çaylar da içmək lazımdır. Belə çayların hazırlanmasına aid çoxlu reseptlər mövcuddur. Müxtəlif ot və bitki çayları təyin edilərkən hər bir şəxsin zövqü və sağlamlığı nəzərə alınır.