QALXANVARİ VƏZİN HORMONLARI

İnternetdə tez-tez qalxanvari vəzin hormonlarının yoxlanılması haqda məlumata rast gəlinir. Bu cür məqalələrdə müəlliflər çox vaxt yanlış məlumatlar göstərirlər. Belə ki, TSH hormonu beyində yerləşmiş hipofiz vəzisi tərəfindən ifraz olunaraq, orqanizmdə qalxanvari vəzin işini idarə edir. T3 və T4 hormonları isə qalxanvari vəzidə sintez olunaraq TSH hormonu ilə bir başa əlaqədədirlər. ANTİ-TPO (tireoperioksidazaya qarşı anticisimlər)- hormon deyil. İmmun sisitemi tərəfindən qalxanvari vəzin vacib fermentlərinə qarşı ifraz olunur. Bununla yanaşı bu göstəricilər birlikdə öyrənilir. Çünki, bu göstəricilər birbirilərilə sıx əlaqədədir.

Tireoid stimulə edici hormon (TSH), hipofiz hüceyrələri tərəfindən qalxanvari vəzin hormonlarının (T3,T4) qanda səviyyələrinin dəyişməsinə cavab olaraq ifraz olunur. TSH qan vasitəsi ilə qalxanvari vəz hüceyrələrinə çatdırılır və hüceyrələrin səthində yerləşən reseptorlarla əlaqə yaradır. TSH hormonu reseptorlara təsiri nəticəsində iki tip effek baş verir:

1.Qalxanvarı vəzin hüceyrələrinin funksiyasını gücləndirmək, T3 və T4 hormonun aktiv şəkildə ifraz olunması.

2.Qalxanvari vəzin həcminin artması ilə müşahidə olunan vəz toxumasının inkişafının güclənməsi.

TSH hormonunun qanda normal səviyyəsi qalxanvari vəzin normal fəaliyyət göstərməsini əks etdirir. Bunun üçün də hormonal status təyin olunarkən, yoxlanılması mütləqdir.

Tireoid hormonları (T3 və T4) orqanizmin əsas mübadiləsində iştirak edir. Mübadilə zamanı əldə edilən enerji ürək əzələ yığılmasına, sinir impulslarının ötürülməsinə, bağırsaq peristaltikasına və bu kimi digər həyati vacib proseslərə sərf olunur. Bu proseslərin aktivliyi qalxanvari vəzin hormonları tərəfindən idarə olunur. İnsan bu mühüm maddələrin təsiri olmadan yaşaya bilməz.

T4 – Qalxanvari vəzin əsas hormonu olub ümumi ifraz olunan hormonların 90% təşkil edir. Qalxanvari vəz insan oraqnizmində yodun əsas istehsalçısıdır və bütünlükdə yod, hormonların hasil olunmasına sərf olunur.

T3 – Qalxanvari vəzin ikinci hormonudur. T3 hormonunun aktivliyi T4 hormonundan 10 dəfə artıqdır. T3 10% -i qalxanvari vəz hüceyrələri tərəfindən ifraz olunur, yerdə qalan 90 % -i isə insan orqanizminin bütün toxumalarında T4-ün T3 -ə parcalanması nəticəsində əmələ gəlir. Həkimlərin tövsiyələrilə tireoid hormonları ümumi-total (T3,T4) və sərbəst-free (FT4 və FT3) şəklində yoxlanilir. Məsələ burasındadır ki, tireoid hormonları qanda zülalla birləşmiş şəkildə olur. T3 və T4 hormonları qana ifraz olunan andan, tiroksin bağlayıcı zülalla birləşərək qan vasitəsi ilə orqanizmə daşınır və hədəf orqanlara çatdırılır. Zülalla birləşmış hormonlar aktiv deyil. Onlar yalnız zülaldan ayrıldıqdan sonra sərbəst şəkildə təsir göstərə bilirlər. Hormonların zülalla birləşməyən fraksiyası sərbəst şəkildə təsir göstərir. Əgər həkim sizə qalxanvari vəzin hormonlarını müayinə etməyi məsləhət görübsə TSH və FT4 vermək daha vacibdir. Bununla yanaşı qalxanvari vəzin xəstəliklərinin diaqnozunun qoyulması üçün yalnız hormonlar deyil, eləcə də həkim endokrinoloq üçün qalxanvari vəzin toxumasına qarşı anticisimlər əhəmiyyət kəsb edir.

Anticismlərin 3 növü olur:

1.ANTİ-TPO (tireoperoksidazaya qarşı anticism)

2.ANTİ-TQ (tireoqlobulinə qarşı anticisim)

3.TSH reseptoruna qarşı anticisim.

ANTİ-TPO –immun sistemi tərəfindən T3 və T4 hormonlarının hasil olunmasında birbaşa iştirak edən peroksidaza fermentinə qarşı ifraz olunur. Planetimizin 7-10 % qadınlarinda, 3-5 % kişilərində ANTİ-TPO yüksəkdir. Bəzən ANTİ-TPO yüksəlməsi xəstəlik yaratmır, bəzən isə hormonların səviyyəsinin dəyişməsinə səbəb olur. Sübut olunmuşdur ki, ANTİ-TPO normal olanlarla müqayisədə bu anticisimlərin səviyyəsi yüksək olan şəxslərdə hormonal pozulmalar 4-5 dəfə çox rast gəlinir. Ona görə də qalxanvari vəzin autoimmun iltihabi xəstəliyinin diaqnostikasında anticisimlərin təyini əlavə köməkçi test kimi istifadə olunur.

ANTİ-TQ və ANTİ-TPO immun sistemin limfositləri tərəfindən ifraz olunur. Bu antitellərin səviyyəsi autoimmun tireoditlərdə və diffuz toksiki uru olan xəstələrdə yüksəlir. Lakin, qalxanvari vəzin papilyar və follikullyar xərçənginin müalicəsində ANTİ-TQ –nin yoxlanılması daha çox əhəmiyyət kəsb edir. Ona görə də qalxanvari vəz çıxarıldıqdan sonra tireoqlobulinin səviyyəsi qanda sıfıra yaxın olmalıdır. Çünki tireqlobulin oraqnizmdə yalnız qalxanvari vəz tərəfindən ifraz olunur. Əməliyyatdan sonra tireqlobulinin səviyyəsi enmirsə bu törəmənin təkrar əmələ gəlməsini göstərir. Ona görə də qalxanvari vəz çıxarılmış pasientlərdə bu zülal vacib onkomarker sayılır. ANTİ-TQ yüksək olan pasientlərdə anticisimlər tireqlobulin molekulası ilə birləşərək formasını dəyişir. Belə olan halda isə laborator analizlər onu təsdiq edə bilmir. Məhz bu səbəbdən ANTİ-TQ tireqlobulinlə birlikdə təyin olunmalıdır, əks halda nəticə düzgün olmayacaq. Qeyd etmək lazimdır ki, qalxanvari vəzi çıxarılmayan xəstələrdə tireoqlobulin yoxlanılması düzgün deyildir. Belə ki, tireoqlobulinin qanda səviyyəsi qalxanvari vəzin həcmindən, düyünlərindən aslıdır və onun yüksək olması pasientlərdə xərçəngin olmasına dəlalət etmir. Qalxanvari vəzi çıxarılmayan xəstələrdə tireoqlobulin heç bir klinik əhəmiyyət kəsb etmir.

KALSİTONiN– tireoqlobulindən fərqli olaraq bir onkomarkerdir. Düyünləri olan bütün pasientlərdə qalxanvari vəzin medulyar xərçəngini aşkar etmək məqsədilə yoxlanılması məsləhətdir. Xərçəngin bu növü aktiv şəkildə kalsitonin ifraz edən C hüceyrələrindən ikişaf edir. Medulyar xərçəng şüa müalicəsinə, kimya terapiyaya tabe olmayan çox təhlükəli qalxanvari vəz xərçəngi hesab olunur. Yalnız vaxtında aşkar olunub cərrahi əməliyyat vasitəsi ilə xaric edilməsi yeganə müalicə metodudur. İtaliya və ABŞ –da aparılan elmi tədqiqat nəticəsində qalxanvari vəz düyünü olan hər 300 nəfərdən birində medulyar xərçəng erkən mərhələdə aşkar olunmuşdur.

Son olaraq TSH reseptoruna qarşı anticisim haqqında qeyd edək. Bu anticisimlər diffuz toksiki ur olan pasientlərdə dərman müalicəsi fonunda sağalma ehtimalını təyin etmək məqsədi ilə aparılır. Elmi tədqiqatlar nəticəsində dərman müalicəsi fonunda pasientin Anti-TSH –ın yüksək olması xəstənin sağalma ehtimalının aşağı olmasını aşkara çıxarır. Ona görə də TSH reseptoruna qarşı anticisimlərin yüksək olması cərrahi əməliyyatın aparılmasını tələb edir. lakin, düzgün müalicəni aparmaq üçün yalnız anticisimlər deyil, pasientin bütün klinik göstəriciləri nəzərə alınmalıdır.


HORMONLARIN QALXANVARİ VƏZƏ TƏSİRİ.
Qalxanvari vəzin hormonal səviyyəsi orqanizmin tam fəaliyyət göstərməsini təmin edir. Qalxanvari vəzin işi çox vacibdir. Çünki, orqanizmin fəaliyyəti onun işi ilə sıx bağlıdır. Hormonların qanda yüksək olması pasientlərdə tərləmə, əsəbilik, bəzən əllərin əsməsi, arıqlama, kövrəkliyə səbəb olur. Eləcə də xəstələrdə ürəyin fəaliyyəti dəyişir və ritm pozğunluğu meydana çıxır. Belə olan halda TSH enir, FT3 və FT4 yüksəlir. Medikamentoz müalicə fonunda hormonların səviyyəsi normala enmirsə digər radikal müalicə metodları haqqında düşünülür (cərrahi müdaxilə, radiaktiv yod). Hormonların qanda çatışmamazlığı isə klinik olaraq zəiflik, yorğunluq, əzginlik, yuxululuq, ödem kimi əlamətlərlə özünü biruzə verir. Qadında menstrual tsikl bəzən pozulur, hamilə qalmaq çətinləşir, kişilərdə patensiya və iş qabiliyyəti azalır. Qalxanvari vəzin funksiyası aşağı olan halda (hipotireoz) yalnız hormonlar deyil, eləcə də anticisimləri də təyin etmək vacibdir. Xəstə ilk dəfə müayinə olarsa bu göstəricilər təyin olunmalıdır. Uşaqlarda qalxanvari vəz hormonu beyin və sinir sisteminin inkişafında mühüm rol oynayır. Ona görə də hamilə qadınlar, eləcə də valideynlərdə hormonal pozğunluq varsa uşaqlar da mütləq müayinə olunmalıdır.

Hormonlar necə yoxlanılmalıdır.

Əgər sizə hormonal müayinə təyin olunubsa, müayinədən düzgün nəticə əldə etmək üçün lazımi göstəricilər yoxlanmalıdır. İlk dəfə qalxanvari vəzin problemi şübhələnilənlərdə aşağıdakı göstəricilər müayinə olunmalıdır.

  1. TSH
  2. FT3
  3. FT4
  4. ANTİ-TQ
  5. ANTİ-TPO

Tireotoksikoza şübhəli olan hallarda isə:

  1. TSH
  2. FT4
  3. FT3
  4. ANTİ-TPO
  5. ANTİ-TSH

Əgər hipotireoza görə müalicə alınırsa yalnız TSH və FT4 səviyyəsinə baxılır. FT3 yoxlanması vacib deyil. ANTİ-TPO və ANTİ-TQ öncədən müayinə olunubsa təkrar verilməməlidir. Qanda hormonların səviyyəsinə dərman qəbulundan öncə baxılmalıdır.

Qalxanvari vəz düyünü olan pasientlərə ilk dəfə müayinə olunarsa;

  1. TSH
  2. FT4
  3. FT3
  4. ANTİ-TPO
  5. KALSİTONİN səviyyəsinə baxılmalıdır.

Hamiləlik zamanı xüsusilə ilk üç ayda TSH hormonunun səviyyəsi aşağı olur ( bu patalogiya deyil), ona görə də ilk dəfə müayinə aparılarsa TSH, TT4, ANTİ-TPO, ANTİ-TQ yoxlanılmalıdır.

Papilyar və follikulyar xərçəng diaqnozu ilə əməliyyat olunan xəstələrdə isə TSH, FT4, ANTİ-TQ, tireoqlobulin yoxlanılmalıdır.

Medulyar xərçəng diaqnozu ilə əməliyyat olunan xəstələrdə isə TSH, FT4, kalsitonin, embrional xərcəng antigeni müayiə edilməlidir.


HORMONAL MÜAYİNƏLƏRİ NECƏ VERMƏLİ?!

İnternetdə və müxtəlif informasiya mənbələrində qalxanvari vəzin hormanlarını nə vaxt, necə verilməsi haqqında məlumatlar yerləşdirilib. Bunların əksəriyyəti yanlış xarakter daşıyır və bir-birinin təkrarı kimi təsir bağışlayır. Məs: Qalxanavari vəz hormonlarının və TSH-ın qanda təyini hormonal preparatın kəsilməsindən bir ay sonra və yod preparatı təyin olunarsa 5 gün ara verdikdən sonra yoxlamaq lazımdır. Bu kimi məlumatlara onlarca sosial şəbəkələrdə rast gəlmək olar.

Əgər sizə hormonları yoxlamaq tövsiyə olunubsa bir neçə qaydaya əməl etmək lazımdır.

  1. TSH, FT4, FT3, ANTİ-TQ, ANTİ-TPO və KALSİTONİN kimi göstəriciləri ac və ya tox qarına verməyin əhəmiyyəti yoxdur. Gün ərzində bu hormonların qanda səviyyəsi sabitdir və qida qəbulu ilə əlaqəli deyildir.
  2. TSH hormonunun gün ərzində qanda səviyyəsi çox kiçik tərəddüdlər edir, ona görə də sutkanın istənilən vaxtı müayinə oluna bilər.
  3. Əgər hormonal preparat qəbul edirsinizsə, yalnız hormonal analiz verəcəyiniz gün, preparatı qan götürüldükdən sonra qəbul etməyiniz məsləhətdir.
  4. Əgər yod preparatı qəbul edilirsə ümumiyyətlə dərman qəbulunu dayandırmağa ehtiyac yoxdur. Belə ki, bu preparatlar qalxanvari vəzin hormonlarının səviyyəsinə təsir göstərmir.
  5. Menstrual tsikl TSH və digər hormonlara təsir göstərmir. Həm qadınlar, həm kişilər qalxanvari vəzin hormonal statusunu təyin etmək üçün lazım olan göstəriciləri istənilən gün verə bilərlər.

Qalxanvari Vəzin Hormonlarının dəyərləndirilməsi.

Qanda hormonların səviyyəsi təyin olunduqdan sonra onların doğru şəkildə dəyərəndirilməsi üçün endokrinoloqa müraciət etmək lazımdır. Bizim mərkəzdə konsultasiya zamanı həkimlərimiz sizə düzgün diaqnoz qoymağa və effektiv müalicə təyin etməyə çalışırlar. Bununla belə qısaca olaraq sizə tez-tez rast gələn hormonal dəyişikliklər haqqında məlumat verilir.

TSH yüksək səviyyəsi: Əgər pasientdə TSH hormonu yüksək FT4 hormonu aşağı olarsa, manefest hipoterioz, FT4 hormonu normal olarsa subklinik hipotireoz vardır deməkdir. Belə olan halda xəstələrdə zəiflik, yuxululuq, əzginlik, yorğunluq, iş qabiliyyətinin azalması, saç tökülməsi, dırnaqların qırılması kimi hallar meydana çıxır. TSH-ın yüksək olması əksər hallarda FT4 hormonu ilə əvəz edici müalicə tələb edir. Lakin, subklinik hipotireoz fonunda preparatın təyini mütləq deyildir. TSH-səviyyəsi aşağı olarsa: Əgər pasientlərdə TSH aşağı FT3 və FT4 yüksək olarsa manifest tireotoksikoz, FT3 və FT4 normal olarsa subklinik tireotoksikoz haqqında düşünülür. Bütün növ toksikozlar pasientə zərər verir və bu səbəbdən endokrinoloq tərəfindən müalicə aparılmalıdır. Qeyd etmək lazımdır ki, hamiləlikdə fizioloji olaraq TSH-ın səviyyəsi aşağı ola bilər və bu hal patalogiya sayılmır.


HAMİLƏLİKDƏ HORMONLAR
Qalxanvari vəzin hormonları hamiləlik boyu kəskin şəkildə dəyişir və bunu həkim endokrinoloq nəzərə almalıdır. Hamiləlik zamanı uşaqlıqda plasenta XQ (xorioqonik qonadotropin) ifraz edir. XQ TSH hormonu kimi qalxanvari vəz hüceyrələrinə stimulə edici təsir göstərir. Qana yüksək ifraz olunan XQ tirositlərinin aktivliyinə səbəb olur ki, bu da TSH enməsi ilə nəticələnir. Hamiləlik zamanı TSH hormonunun qanda səviyyəsi dəyişdiyinə görə, T4 hormonuna baxmaq vacibdir. Belə ki, T4 hormonu əks hallarda normal olur, bəzən isə cüzi yüksələ bilər. T3 və T4 hormonu çox yuxarı, TSH hormonu çox aşağı olarsa, həkim endokrinoloq tərəfindən hormonların səviyyəsini normala endirmək üçün təcili tədbir görmək tələb olunur. Əgər hamiləlik zamanı TSH yüksələrsə ciddi fəsadlar yarana bilər. Qanda TSH səviyyəsinin yüksək olması qalxanvari vəz hormonlarının çatışmamazlığına işarədir. Bu da dölün inkişafdan qalmasına səbəb ola bilər. Elmi tədqiqatlar sübut edib ki, əksər hallarda qalxanvari vəzin hormonal çatışmamazlığı fonunda hamiləlik sona qədər çatdırılmlır. Əgər hamiləlik zamanı TSH hormonu yüksək olarsa, bu dölün əqli inkişafına təsir göstərə bilər. Lakin, narahatçılığa səbəb yoxdur. Belə ki, bu cür vəziyyət asanlıqla əvəzedici T4 preparatı ilə aradan qaldırılır. Həkiminiz tərəfindən bəzən yanlış yönəldilərək sizə süni şəkildə hamiləliyi dayandırmaq məsləhət görülsə, tamamilə səhv addım olar. Çünki bu cür vəziyyətdə ən pis halda dünyaya gələn uşaqda İQ-si (intellek səviyyəsi) aşağı ola bilər. Həkiminizi dəyişmək atacağınız ən doğru addım olar.