Düyünlü urlar

Qalxanvari vəzdə düyünlər olduqca çox rast gəlinir. Statistika göstərir ki, dünya əhalisinin təqribən 40-50%-dən çoxunun qalxanvari vəzisində düyünlər mövcuddur. Qalxanvari vəzdə düyünlər insanın yaşı ilə bərabər artır. Lakin düyünlərin çoxu zərərsizdir və heç bir müalicəyə ehtiyacı yoxdur. Lakin bütün düyünlərin 5%-ə yaxını xərçəng xəstəliyinə keçmə təhlükəsi daşıyır və bu nöqteyi nəzərdən diqqət tələb edir. Qalxanvari vəzin düyünləri qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir, lakin kişilərdə olan düyünlərin xərçəngə keçmə riski qadınlara nisbətən artıqdır. Xərçəng olma riski az olsa belə bütün düyünlər həkim tərəfindən müəyyən edilməli, tərkibi bilinməlidir.
Çox vaxt qalxanvari vəzidə düyünlərin yaranma səbəbləri tam bilinməsə də, bunun əmələ gəlməsində bəzi risk faktorları var. Bunlardan qida qəbulunda kifayət qədər yod qəbul olunmamasını, ailənin və ya yaxın qohumların bir neçə üzvündə düyünlü urun müşahidə edilməsinı, ətraf mühitdə şüalanmanın artmasını və bəzi qalxanvari vəz xəstəliklərini misal çəkmək olar.

Bir çox hallarda qalxanvari vəzdə olan düyünlər, heç bir şikayət vermədən, sadəcə müayinə zamanı aşkar edilir. Ona görə də hər bir kəs ixtisaslı həkim tərəfindən periodik olaraq boyunun müayinəsindən keçməlidir. Məhz dünyanın inkişaf etmiş ölkələrində düyünlü urların artmasının səbəbi insanların vaxtaşırı boynun çekap müayinəsindən keçmələridir. Bəzi düyünlər çox kiçikdir və əllə müayinə edilməsi çox çətindir. Bunun üçün qalxanvari vəzin ultrasəs müayinəsinin aparılması tələb olunur. Bəzi düyünlər isə əksinə olaraq böyükdür və kənardan baxdıqda belə müəyyən edilir.

Qalxanvari vəzdə aşkar edilən düyünün ölçüləri, xəstənin ura qarşı müalicə olunmağı, ailədə qalxanvari vəzin xərçənginin olmasına dair məlumatların mövcudluğu və digər əhəmiyyət kəsb edən hallar fiziki müayinə ilə bərabər qiymətləndirilməlidir. Bəzən qalxanvari vəzin xərçəngi başqa endokrin problemlərlə yanaşı ola bilər. Xüsusilə gənc adamların baş boyun nahiyyəsinin şüalanmaya məruz qalmağı qalxanvari vəzin xərçənginə gətirib çıxara bilər.

Hər hansı bir düyünün xərçəng olma riskini artıran bəzi xarakter xüsusiyyətlər var:

  • qalxanvari vəzdə tək düyünün olmağı
  • sərt düyünün varlığı
  • boyun nahiyyəsində patoloji böyümüş limfa vəzilərinin olmağı
  • qalxanvari vəzin əvəzedici hormonal müalicələrinə baxmayaraq kiçilməyən düyünün olmağı.

Duyunlu_ur1 Duyunlu_ur2Duyunlu_ur3