Tireoiditlər

Xaşimoto Tireoiditi
Tireoiditlərin ən çox rast gəlinən forması Xaşimoto tireoiditidir. Buna başqa bir adla xroniki limfositar tireoidit də deyilir. Xaşimoto bir autoimmun tireoiditdir və ailəvi xarakter daşıya bilər. Şəkərli diabet və revmatoid artrit kimi xəstəliklərinin aşkar edildiyi ailələrdə Xaşimoto tireoiditinə rast gəlinə bilər. Bu xəstəlik çox yavaş meydana gəlir. Iltihab prosesi nəticəsində qalxanabənzər vəzinin hüceyrələri məhv olduğu üçün hipotireoz yaranır.
Bu xəstələr əsasən əzginlikdən, yorğunludan, dəri quruluğundan, saç tökülmədən, ətrafların şişkinliyindən, çəkinin artmasından, hərəkət və nitqin ləngiməsindən şikayət edirlər.
Parçalanan və ölən qalxanabənzər vəz hüceyrələrindən qana keçən hormonlar nadir olaraq hipertireodizm (toksiki ur) şikayətlərini verir. Sonradan nəticə yenə də hipotireoz vəziyyətinə keçir.
Xaşimoto tireoiditinin diaqnozu asanlıqla iki qan təhlili nəticəsindı qoyula bilər. Bunlardan biri qalxanabənzər vəzin hormonlarının, ikincisi isə anti TPO-nun və antitireoqlobulinin təyinidir. Xaşimoto tireoiditli xəstələrin 95%-də bu göstəricilər müsbətdir.
Xaşimoto tireoiditində qalxanabənzər vəz böyüyür. Bu xəstəlik düyünlərə və ya qalxanabənzər vəzdə törəmələrin əmələ gəlməsinə səbəb olmur. Əgər Xaşimoto tireoiditi olan xəstədə düyün və ya törəmə aşkar edilərsə, bu düyünün xərçəng olmadığından əmin olana qədər müayinə aparmaq məsləhətdir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar Xaşimoto tireoiditi fonunda qalxanabənzər vəzin limfomasının aşkar olunması artmışdır. Bu xəstəlik vaxtında müəyyən edilərsə və düzgün müalicə aparılarsa, sağala bilər.

Yarımkəskin Qranulamatoz Tireoidit ( Ağrılı Tireoidit)
Bu xəstəlik adətən keçirilmiş olan qrip ya da soyuqlamadan sonra yaranır. Bu iltihab adətən çox ağrılı olur və boyunun ön tərəfinə toxunarkən artır. Ağrı adətən çənəyə və qulağa yayıldığı üçün çox vaxt qulaq və boğazda olan infeksion xəstəliklərlə qarışdırılır. Çox vaxt bu xəstəlik müalicə ilə sağalır. Nadir hallarda isə xəstədə hipotireoz yarandığı üçün müvafiq müalicə tələb olunur.

Yarımkəskin Limfotik Tireoidit (Ağrısız Tireoidit)
Ən çox hamiləlikdən sonra ilk 1-4 aylar arasında aşkar edilir. Ilkin olaraq toksiki ura xas şikayətlər verir. Bu hallar 2-4 ay davam edir. Ikinci faza doğuşdan 3 ay sonra başlayır və 8 aya qədər davam edə bilər. Bu halda isə hipotireoza xas şikayətlər meydana gəlir. Bu halda qalxanabənzər vəzin hormonlarının nəticəsinə əsasən 6 aya qədər müalicələr aparıla bilər. Sonra müalicələr kəsilir və qalxanabənzər vəzin funksional vəziyyəti təyin edilir.

Riedel Tireoiditi
Riedel tireoiditi fibroz tireoidit adlanır. Çox nadir rast gəlinir. Bu xəstəlikdə yalnız qalxanabənzər vəz deyil eləcə də, ətraf toxumalar iltihablaşır.
Riedel tireoditində qalxanabənzər vəz daş kimi sərt olur. Bunu mütləq qalxanabənzər vəzin xərçəngindən ayırd etmək lazımdır. Bu xəstəlikdə hormonlar adətən normal olur. Nadir halda hipotireoz aşkar edilir. Xərçəngdən ayırd etmək üçün biopsiya (cərrahi biopsiya) aparılmalıdır.
Bu xəstələrin çoxunda qalxanabənzər vəz nəfəs borusunu sıxaraq insana boğulma verir. Bu halda icra edilən əməliyyat qalxanabənzər vəzin boyun hissəsinin çıxarılması ilə sona çatdırılır ki, bu da boğulmanı aradan qaldırır.

Kəskin infeksion tireoidit
Son zamanlar çox nadir rast gəlinən bir xəstəlikdir. Qalxanabənzər vəzə bakterial infeksiyanın düşməsi nəticəsində absesin əmələ gəlməsi ilə özünü göstərir. Infeksiya vəzə əsasən, qan vasitəsi ilə keçir.
Bu xəstəlik antibiotiklə və cərrahi drenajla müvəffəqiyyətlə müalicə olunur.