Şəkərli diabet

Şəkərli diabet – endokrin xəstəlikdir. Mütləq və ya nisbi insulin çatışmazlığı səbəbiylə qanda şəkər səviyyəsinin xroniki artımı ilə səciyyələnir. Xəstəlik maddələr mübadiləsinin bütün növlərinin, damarların , sinir sisteminin eləcədə digər orqan və sistemlərin pozulmasına səbəb olur .

Klasifikasiya.

  1. İnsulindənasılı diabet ( 1 tip şəkərli diabet ) əsasən uşaqlarda və cavan adamlarda müşahidə olunur.
  2. İnsulindənasılıolmayan diabet ( 2 tip şəkərli diabet ) əsasən 40 yaşdan yuxarı , artıq çəkisi olan insanlarda müşahidə olunur. Bu ən çox rast gəlinən tipdir ( 80-85 % hallarda ) .
  3. İkincili və ya simptomatik diabet.
  4. Hamilələrdə diabet.
  5. Yetərsiz gidalanma ilə bağlı diabet.

1 tip şəkərli diabetdə mədəaltı vəz funksiyasının pozulması ilə əlaqədar mütləq insulin çatışmazlığı vardır.

2 tip şəkərli diabetdə nisbi insulin çatışmamazlığı müşahidə olunur. Mədəalti vəz hüceyrələri bu halda normal miqdarda insulin ifraz edirlər ( bəzən isə normadan artıq ). Ancaq , hüceyrə divarlarında qan şəkərinin hüceyrəyə keçməsini təmin edən strukturların sayı azalir və ya onlar bloklaşır. Hüceyrələrdə şəkərin defisiti insulinin daha da çox ifraz olunmasına bir siqnaldır , lakin zaman kecdikcə bu bir effekt vermir və insulinin ifrazı azalır.

   Səbəblər.

1 tip şəkərli diabetin əsas səbəbi autoimmun prosesdir , hansı ki immun sisteminin disfinksiyası və mədəaltı vəz hüceyrələrinə qarşı antitellərin ifraz olunması ilə xarakterizə olunur. 1 tip şəkərli diabetin yaranmasına səbəb olan əsas faktor – genetik baxımdan meyilli insanlarda virus infeksiyalarıdır (məxmərək , su çiçəyi , hepatit , epidemik parotit , və s. ) .

2 tip şəkərli diabetin yaranmasına səbəb olan əsas iki faktor vardır – artıq çəki və genetik meyillilik :

  1. Piylənmə

1 dərəcəli piylənmə aşkarlandıqda şəkərli diabetin yaranma riski 2 dəfə , 2 dərəcədə – 5 dəfə , 3 dərəcədə isə – 10 dəfədən çox artır.

Diabet- daha çox piylənmənin abdominal formasında aşkarlanır – piy toxuması əsasən qarın nahiyyəsində yerləşdikdə.

  1. Genetik meyillilik

Valideyinlərdə və yaxın qohumlarda şəkərli diabet mövcudluğunda xəstəliyin inkişaf riski 2-6 dəfə artır.

İnsulindənasılıolmayan diabet tədricən inkişaf edir və mülayim simptomları ilə xarakterizə olunur.

İkincili şəkərli diabetin yaranma səbəbləri :

  1. Mədəaltı vəz xəstəlikləri ( pankreatit , rezeksiya , şişlər və s . )
  2. Hormonal xəstəliklər ( Kuşing sindromu , akromegaliya , diffuz toksiki ur , feoxromositoma )
  3. Kimyəvi maddələrin və dərmanların təsiri
  4. İnsulin reseptorlarının dəyişkənliyi
  5. Müəyyən genetik sindromlar və s.

Nələr baş verir ?

Diabetin yaranma səbəbi nə olursa olsun , nəticəsi birdir : bədən gida vasitəsilə aldiği şəkəri yetərincə istifadə edə bilmir , qaraciyərdə və əzələlərdə artıq şəkəri depolandırmır.

İstifadə olunmayan şəkər artıq miqdarda qanda dolaşır ( qismən sidiklə bədəndən çıxır ) , bu da bütün orqan və toxumalara mənfi təsir göstərir.

Hüceyrələr yetərincə şəkərlə təmin olunmadığı ücün, enerji mənbəyi kimi yağlar istifadə olunur. Nəticədə bədəndə artıq miqdarda toksiki maddələr yaranır , hansılar ki ilk növbədə baş beyinə təsir edir. Bunlar keton maddələrdir. Yağ , zülal və mineral mübadiləsi pozulur.

Şəkərli diabetin simptomları :

  1. Susuzluq ( xəstələr gün ərzində 3-5 litrdən artıq maye qəbul edirlər)
  2. Tez-tez sidiyə çıxma ( həmçinin gecə ərzində )
  3. Ağızda quruluq
  4. Ümumi və əzələ yorğunluğu
  5. Qaşınma ( qadınlarda xüsusilə cinsiyyət orqanlarında )
  6. Yuxululuq
  7. Yorğunluq
  8. Gec sağalan yaralar
  9. 1 tip diabeti olan xəstələrdə kəskin şəkildə çəki itkisi
  10. 2 tip diabet olan xəstələrdə piylənmə

İnsulindənasılı diabet adətən sürətlə, bəzən isə anidən inkişaf edir. İnsulindənasılıolmayan diabet isə tədricən inkişaf edir və mülayim simptomları ilə xarakterizə olunur.

Şəkərli diabetin ağırlaşmaları :

  1. Ürək-damar xəstəlikləri (ateroskleroz, ürəyin işemiyası, miokard infarktı)
  2. Aşağı ətraf damarları daxil olmaqla, periferik arteriyaların aterosklerozu
  3. Aşağı ətrafların mikroangiopatiyası (kiçik qan damarlarının zədələnməsi)
  4. Diabetik retinopatiya ( görmə zəifliyi )
  5. Neyropatiya ( həssaslığın azalması , dəri quruluğu , əzələlərdə ağrı və spazmalar)
  6. Nefropatiya ( sidiklə zülalın ifrazı , böyrəklərin disfunksiyası )
  7. Diabetik pəncə – periferik sinirlərin , damarların , dərinin , yumşaq toxumaların zədələnmə fonunda pəncələrdə yaranan yaralar və nekrotik proseslər
  8. İnfeksion ağırlaşmalar
  9. Komalar ( diabetik , hiperosmolyar , hipoqlikemik )

1 tip şəkərli diabet bəzən pasientin vəziyyətinin kəskin ağırlaşması , aşırı zəiflik , qusma , qarın nahiyyəsində ağrı , nəfəsdən aseton qoxusunun gəlməsi ilə özünü biruzə verir . Bu hal, qanda toksiki keton maddələrin toplanması ilə əlaqədardır ( ketoasidoz ).

Əgər bu vəziyyət tez aradan qaldırılmasa xəstə huşunu itirib komaya düşər ( diabetik koma ) və nəticə olaraq həyatını itirə bilər.

Koma halları insulini lazımi dozadan artıq istifadə etdikdə və qan şəkəri kəskin azaldıqda da müşahidə olunur – hipoqlikemik koma.

Diabet fəsadlarının qarşısını almaq üçün daimi müalicə və qan şəkər səviyyəsinin diqqətli monitorinqini aparmaq lazımdır.

Diaqnostika və müalicəsi.

Şəkərli diabet xəstələri mütləq həkim-endokrinoloq nəzarəti altında olmalıdırlar.

Diabetin diaqnostikası üçün aşağıda göstərilən müayinələr aparılır :

  1. Qan şəkərinin analizi : acqarına , kapilyar qanda şəkərin səviyyəsini müəyyən edirlər ( qanı barmaqdan götürürlər )
  2. Şəkər tolerantlıq probası : pasient acqarina 1 -1.5 stəkan suda həll olunan 75 qr. şəkəri içir , 2 saat sonra qanda şəkərin konsentrasiyası təyin olunur.
  3. Sidikdə şəkərin və keton cisimlərinin təyini
  4. İnsulinin və C-peptidin təyini : 1 tip diabetdə insulin və C-peptid səviyyələri çox azalır , 2 tipdə normal həddində olmaları mümkündür.

Şəkərli diabetin müalicəsi.

  1. Xüsusi dieta : şəkər , spirtli içkilər, siroplar , pirojnalar , peçenyalar , şirin meyvələr istisna olunmalıdır . Qidanı kiçik porsiyalarla qəbul etmək lazımdır , gün ərzində 4-5 dəfə. Müxtəlif şəkərəvəzedicilər məsləhət görülür (sorbit və saxarin ).
  2. İnsulinterapiya : 1 tip şəkərli diabetdə və 2 tip şəkərli diabetin sürətli inkişafında tələb olunur. İnsulinlə müalicə zamanı pasient özü mütləq qanda şəkər səvıyyəsini nəzarətdə saxlamalıdır .
  3. Qan şəkər səviyyəsini azaldan dərman preparatları. Adətən 2 tip şəkərli diabetləri bunlarla müalicə edirlər. Xəstəliyin irəliləməsi olarsa insulin təyin olunur.

Şəkərli diabetdən əziyyət çəkənlərə fiziki aktivlik məsləhət görülür. Piylənməsi olan pasientlərdə, çəkinin azalması da müalicəvi rol oynayır.

Şəkərli diabetin müalicəsi ömürlükdür.